ANS GROUP | BRAVO, VAHİD. TƏŞƏKKÜRLƏR MUSTAFAYEVLƏR
 

BRAVO, VAHİD. TƏŞƏKKÜRLƏR MUSTAFAYEVLƏR

“Xoca” filminin təqdimat mərasimindən sonra sözardı

Vahid Mustafayevin yeni “Xoca” filmi - sevgi və nifrət, eyni zamanda qəhrəmanlıqla qorxaqlıq haqqında bir kinopovestdir. Burada xeyir və şərin həmişə insanın yanında olması anlamı əsas götürülür. Kinoda da həyatda olduğu kimi heç də həmişə xeyir şər üzərində qələbə qazanmır və heç də hər film “happy end”lə yekunlaşmır.


Mən həmişə incəsənətdə qətiliyin əleyhinə olmuşam. Mənim üçün bu yaxşıdır, bu isə əksinə pisdir anlayışları deyil, mənim və mənim olmayan anlamları mövcuddur. Xocalı, Dağlıq Qarabağ və Azərbaycanın başqa guşələri də mənim olduğu kimi, Vahidin yeni filmi də mənimdir.

Kiçik zaman kəsiyində serial nəzərə alınmamaqla dörd bədii film çəkən Vahid fikrimcə, məzmunca sərt və eyni zamanda vacib olan bir ekran əsərini ərsəyə gətirib. “Xoca” filmi xocalıların mübarizəsi haqqında bir kinohəqiqətdir.

Vahid filmində bu utancverici prosesin lap əvvəlini çəkib. Onun böyük qardaşı, Milli Qəhrəman Çingiz Mustafayev isə 20 il əvvəl bütün dünyaya Xocalıda tarixi torpaqlarında yaşayan uşaqların, qadınların, qocaların bir sözlə dinc əhalinin vəhşicəsinə öldürülməsi yer almış kadrları çəkərək göstərmişdi. Çingiz Mustafayev Azərbaycan şəhərinin tragik bir finalını göstərmişdi. Vahid Mustafayevin filmi isə Xocalıda öldürülənlərin hamısı üçün qoyulan kinoabidədir. “Xoca” filmi bizim gələcək nəsillərə çatdırmalı olduğumuz müasir Azərbaycan tarixinin ən vacib səhifələrindən birinə çevrildi. Biz müasir tariximizi öyrənərək öz övladlarımıza, nəvələrimizə və nəticələrimizə çatdırmalıyıq, necə ki, bunu bizim qonşularımız edərək öz övladlarını türklərə nifrət üzərində tərbiyə edirlər.

“Xoca” filminin təqdimatı başa çatdıqdan sonra zalda işıqlar yandırıldı, tamaşaçılar göz yaşlarından şişmiş gözlərini silərək bu əsərin müəllifi və bütün yaradıcı heyətinı alqışlayırdılar. Bu dəhşətli dərəcədə sərt məzmunlu və eyni zamanda bizim Dağlıq Qarabağda və onun ətrafında buraxdığımız çoxsaylı səhvləri təkrarlamaq baxımından çox vacib bir filmdir.

“Xoca” filmi çox xoşuna gəlmiş məşhur Azərbaycan yazıçısı Çingiz Abdullayev ANS-in 2012-ci il üçün nəzərdə tutulmuş “İlin adamı” mükafatının Vahid Mustafayevə təqdim edilməsini təklif edib. Mən bir tamaşaçı kimi yazıçının təklifi ilə razıyam. Ümumiyyətlə hesab edirəm ki, “Xoca” hələ çoxlu mükafatlar əldə edəcək. Hələ film yenicə ekranlara çıxıb. “Xoca” haqqında hələ çox yazacaqlar, danışacaqlar və mübahisə edəcəklər, ancaq ən əsası budur ki, film heç kimi laqeyd buraxmayacaq. Mən çox ümid edirəm ki, film başqa ölkələrdə də nümayiş etdiriləcək. Gərək insanlar Xocalı və Qarabağ haqqında həqiqəti bilsinlər.

“Xoca” filminə baxdıqdan dərhal sonra yazdığım bu sətirləri “Bravo Vahid. Təşəkkürlər Mustafayevlər” adlandırmışam. Bunun səbəbini izah edim:

Bravo-rejissor və ssenari müəllifinin yüksək peşəkarlığına görə; Təşəkkürlər Mustafayevlər-Azərbaycanın Xocalı şəhəri haqqında həqiqi bir əsər yaratdığınıza görə.

Bir də -Bravo Vahid Təşəkkürlər Mustafayevlər.

Əməkdar jurnalist Mais Məmmədov 

http://anspress.com/index.php?a=2&lng=az&nid=140372