ANS GROUP | XOCALIDAN BƏHS EDƏN “XOCA” FİLMİ EKRANA ÇIXDI
 

XOCALIDAN BƏHS EDƏN “XOCA” FİLMİ EKRANA ÇIXDI

Filmin rejissor və ssenari müəllifi Vahid Mustafayev: “Hər kəs bu filmə ən azı 7 dəfə baxmalıdır” 

Fevral ayının 24-də Nizami kinoteatrında ANS şirkətlər qrupunun rəhbəri Vahid Mustafayevin “Xoca” filminin nümayişi oldu. Film ermənilərin Dağlıq Qarabağın Xocalı qəsəbəsində törətdiyi soyqırımdan bəhs edir. Hadisələr 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə Xocalıda cərəyan edir. İki gənc- Əliəkbər və Günel ərizə verib, Bakıda nikah növbəsinə dayanırlar. Nikah və toy mərasimi 1992-ci il fevralın 25-də keçirmək qərara alındıqdan sonra kəşfiyyat zabiti Əliəkbər dərhal xidmət etdiyi Qarabağa- Xocalıya qayıdır. Toy təyin edilən gün bəy libasında Bakıya yollanan Əliəkbər, döyüşçü dostları Yura Çyornıy və Arzu, eləcə də Əliəkbərin ailə üzvləri, Xocalının ermənilər tərəfindən tam mühasirəyə alındığını görür. Əliəkbər çətin seçim qarşısında qalır, Bakıya toya getsin və ya Xocalıya qayıdıb dostları ilə şəhərin və əhalinin müdafiəyə etsin. Bu sualın cavabını onun ürəyi verir...Sonda Əliəkbərin cəsədini Bakıya gətirirlər.

Filmin nümayişindən sonra heyət mətbuat konfransı keçirdi. Əvvəlcə filmin heyəti haqqında məlumat verildi: Rejissor və ssenari müəllifi Vahid Mustafayev, baş prodüsser Mir Şahin, Prodüser Eyyub Danişverdir. Baş rollarda isə İlqar Musayev, Nigar Bahadırqızı, Telman Əliyev, Nəcibə Hüseynova, Elmira Yaqubova, Mina və başqaları iştirak edib.

Vahid Mustafayev çıxış edərək bildirdi ki, film uzun əsrlər boyu bu torpaqlarda yaşayan, əzab əziyyət verilərək öldürülən qadın, uşaq, qoca, silahsız insanlar, ümumiyyətlə Xocalı soyqırmının bütün qurbanlarının xatirəsinə həsr edilmiş özünəməxsus kinoabidədir: “Bu film sevgi və xəyanət, qəhrəmanlıq və qorxaqlıq, erməni yaraqlılarının və Rusiya ordusunun 366-cı motoatıcı alayının bizim torpaqlara gətirdiyi dəhşətli söz olan “soyqırımı” haqqındadır”. V.Mustafayev bildirdi ki, film çəkilərkən rejissor başda olmaqla böyük bir kollektiv 75 gecə fasiləsiz işləyib: “Keçən ilin fevral ayında bu filmi çəkməyə başlayanda mənim Xocalı haqqında 20 faiz məlumatım var idisə, indi bu, 90 faizdir. Bu filmi çəkməyi məndən atam xahiş etdi. Dedi ki, bir oğlum əvvəlini çəkdi, sən də sonrasını çək. Hesab edirəm ki, hər kəs “Xoca” filminə ən azı 7 dəfə baxmalıdır. Mən bəlkə də ona min dəfə baxmışam. Filmin adı da mənim ideyamdır”. Çəkilişlərin aparıldığı məkanlar isə əsasən Şəki, Şamaxı, Yevlaxdır. Rejissorun sözlərinə görə, filmin kollektivində 14-ə yaxın İran vətəndaşı da iştirak edib.

Filmin prodüseri Mir Şahin “Xoca” filminin digər dillərə tərcümə ediləcəyini qeyd etdi: “Vahid Mustafayevin yeni filmi müəllifi olduğu, bizim bilməli və xatırlamalı olduğumuz Azərbaycanın yeni tarixinin səhifələrindən biridir. Biz bu filmə köməklik göstərən hər kəsə minnətdarlığımızı bildiririk”. “Xoca” filminin ölkənin bütün ekranlarında, həmçinin bir çox kinoteatrlarda nümayiş etdirilməsi nəzərdə tutulub. Filmin maliyyə mənbəyinə gəlincə, rejissor bildirdi ki, bir hissəsi Çingiz Mustafayev adına Fond, digər hissəsi isə dövlət tərəfindən ödənilib: “Biz şəxsən Prezident İlham Əliyevə təşəkkürümüzü bildiririk və filmin kollektivinə minnətdarıq”.

Qeyd edək ki, Film Bakıfilm kinostudiyasının istehsalıdır. “Nizami” kinoteatrında “Xoca” filminə satılan biletin qiyməti 4 manatdır.

http://www.musavat.com/new/%C3%96lk%C9%99/118601-XOCALIDAN_B%C6%8FHS_ED%C6%8FN_%E2%80%9CXOCA%E2%80%9D_F%C4%B0LM%C4%B0_EKRANA_%C3%87IXDI

Günay MUSAYEVA