ANS GROUP | 19 Mayda ANS-i gözə gətirəcəyik...
 

19 Mayda ANS-i gözə gətirəcəyik...

ANS üç nəfər gənc Azərbaycanlı jurnalist, Vahid və Seyfulla Mustafayev qardaşları və Mirşahin Ağayev tərəfindən yaradılıb. Onlar Bakı şəhərində dərc olunan "Azərbaycan" qəzetində işləyəndə tanış olmuşdular.  Yeri gəlmişkən, bu mətbu orqanı ölkəmizdə dərc olunan ilk müstəqil qəzet idi. Hər üç gənc televiziya jurnalistikasına böyük əhəmiyyət verirdilər. Onların ən böyük arzusu televiziyanın və radionun daxil olacağı müstəqil media qrup yaratmaq idi...

ANS Şirkətlər Qrupunun uzun və fərqli bir tarixi var. ANS TV keçmiş SSRİ məkanında yaranan ilk televiziya agentliyidir.  Azərbaycanın dövlət müstəqilliyindən 8 ay əvvəl, 9 mart 1991-ci ildə  ANS-TV Yayım və Media Şirkəti yaranır.  Sözsüz ki, bu, Azərbaycanda o zaman mövcud olan demokratik durumun təzahürü idi.

ANS Media sahəsində öz mövqelərini daha da möhkəmləndirdi. İlk Xəbər agentliyi (ANS-PRESS), ilk radiostansiyanın (ANS ÇM), ilk internet təminatı xidmətinin (ANS-DX) təməli qoyuldu.

Sonralar ANS-Kommers, ANS-Press Nəşriyyat Evi, Baki-Film, VMF, Allstar, Azman Co, “Dadlılar” Fabriki bir-birinin ardınca fəaliyyətə başladı.

ANS-in strateji xətti 20 il əvvəl olduğu kimi qalır,  informasiya sahəsində isə DƏQİQLİK, QƏRƏZSİZLİK və VİCDANLILIQ prinsiplərinə əsaslanır.

Və nəhayət, 20 ildən sonra telekanalın xarici görünüşünü dəyişməyin vaxtı gəldi.

19 May tarixində ANS telekanalının korporativ üslubu dəyişəcək.

ANS telekanalı öz işində hər zaman Azərbaycan mədəniyyəti, tarixi və milli adət-ənənələrinə böyük bir meyl edib. Eyni zamanda isə  ANS gələcəyə baxır, zamanla ayaqlaşmağa, bəzən isə hətta bir addım öndə olmağa çalışır.

ANS üçün qrafik həll axtarışları dizaynerləri Şərq üslubuna gətirib çıxartmışdır. Bu, əslində çox düzgün addım idi. Çünki Şərq mədəniyyəti parça, xalça, arxitektura, keramika və hətta mətbəx naxışlarında dəfələrlə təkrarlanan qrafik formalarla çox zəngindir. Müxtəlif naxışların əsasında əsas forma – romb meydana gəlmişdir.

Beləliklə, romb - yeni loqotip, eləcə də bütünlükdə korporativ üslub üçün əsas götürüləcək.

Loqotip bir yerdə qoyulan üç rombdan ibarət olan bərabərtərəfli altıbucaq formasında olacaq. Üç romba üç hərf – A, N və S yazılacaq.

Loqotipin bir neçə mənası olacaq: 

1. Romb – Şərq naxışının əsas tərkib hissəsi

2. Üç romb birlikdə –naxışın hissəsi

3. Üç hərf yazılmış üç romb – telekanalın adı 

4. Üç romb – qutu – televizor və kameranın əsas forması 

5. Qutu – onu açmaq mümkündür və içində hər zaman nə isə yeni, çoxdan gözlənilən, sürpriz nə isə olur.

Verilişlərin rəngi müasir və ahəngdar seçiləcək. Bu üsulla tamaşaçılar verilişləri tematik qruplara ayıra biləcək və bu, onlara müəyyən hisslər verəcək. Məsələn, səhər verilişləri üçün seçilən narıncı və sarı rənglər Azərbaycanın üzərində doğan günəşi simvolizə edir. Göy rəng neytrallıq, obyektivlik, beynəlxalqlığı simvolizə edir və xəbər verilişlərinin yeni rəngi olacaq.  ANS siyası verilişləri ilə məşhurdur və ANS-in əsas rəngi çoxdan qırmızı rəng hesab olunur. Buna görə də siyasi verilişlər üçün çox güclü rəng hesab olunan qırmızı rəng əsas götürüləcək. Həmçinin korporativ üslubda romb və qradient – bir rəngdən digərinə, yaxud da şəffaflığa keçiddən istifadə olunub ki, bu da öz növbəsində dinamika, müxtəliflik, eləcə də ANS-in tanınmağına nail olacaq.

Yaxşı oxunaqlı, müasir və dəqiq tipoqrafikadan istifadə olunacaq. Bu cür tipoqrafika şriftlərlə rahat və zəngin əməliyyatlar aparmağa imkan verəcək və qrafik ahəngdarlıq yaradacaq.

Beləliklə, ANS-in yeni korporativ üslubunun bütün sadalanan amilləri telekanala gələcəkdə daha çox qrafik imkanlara nail olmaq üçün şərait yaradacaq.

19 Mayda ANS-i gözə gətirəcəyik...

Gözünüz aydın! 

 

Geri