ANS GROUP | Vahid Mustafayev: "Azərbaycan tamaşaçısı gözəl seriallar gözləyir" (FOTO, VİDEO)
 

Vahid Mustafayev: "Azərbaycan tamaşaçısı gözəl seriallar gözləyir" (FOTO, VİDEO)



Bu gün Nizami Kino Mərkəzində ANS Müstəqil Yayım və Mediya Şirkətinin “Bakı Film” Kinostudiyası tərəfindən istehsal edilmiş “Ağabəyovlar” bədii serialının təqdimatı və ona həsr olunmuş mətbuat konfransı baş tutdu. ANS PRESS-in məlumatına görə, Azərbaycan Respublikası Prezidentinin maliyyə dəstəyilə çəkilən film “Bakcell”, “Gilan Holding”, “Zolotoy sad”, “Samsung”, “Bank Respublika” və “Honda” şirkətlərinin sponsorluğu ilə ərsəyə gəlir. 

Təqdimatda serialın quruluşçu rejissoru və ssenari müəllifi Vahid Mustafayev, baş prodüseri Mir Şahin Ağayev, ANS Müstəqil Yayım və Mediya Şirkətinin Kreativ direktoru Antye Dombrovski və “Ağabəyovlar” bədii serialının yaradıcı heyəti iştirak edirdi. Tədbirin xüsusi qonağı Amerika televiziya seriallarının ulduzu, məşhur “Santa-Barbara” serialından tanıdığımız Meyson rolunun ifaçısı aktyor Leyn Hant Deyvis də iştirak edirdi. Azərbaycanda serialın təqdimatı bir ilk olduğu kimi, dünya səviyyəli aktyorun dəvət olunması da ilk idi. 

Tədbirə gələnlərə birinci olaraq “Ağabəyovlar” serialının birinci seriyası nümayiş olundu. Filmin nümayişindən sonra filmin yaradıcı heyətinin iştirakı ilə mətbuat konfransı keçirildi. “Ağabəyovlar” serialının baş prodüseri Mir Şahin Ağayev tədbirə təşrif buyuran hər kəsə təşəkkürünü bildirdikdən sonra bu gün Azərbaycanda daha bir yeniliyə imza atıldığını söylədi: “Azərbaycanda ilk dəfədir ki, serialın təqdimatına toplaşmışıq. Bizim üçün serialın təqdimatı yenilikdir. Buna da öyrəşmək lazımdır. ANS Şirkətlər Qrupunun sifarişi ilə “Bakı Film”in istehsal etdiyi “Ağabəyovlar” serialı 21 sentyabrdan nümayiş olunacaq və ümid edirəm ki, tamaşaçıların diqqətini çəkəcək. Başqalarının gördüyü işi heç də aşağı salmaq niyyətimiz yoxdur, amma nəzərinizə çatdırmaq istəyirəm ki, bu sizin gördüyünüz digər Azərbaycan seriallardan ciddi şəkildə fərqlənir. Azərbaycan tamaşaçısı serialla yaxından tanış olduqda, bunun şahidi olacaq. Düzdür, titrlərdə yazılıb ki, filmdə baş verənlərin gerçək həyatla heç bir əlaqəsi yoxdur. Amma serialdakı bu və ya digər hadisələr birbaşa real həyatdan götürülüb”. 

Filmin rejissoru və ssenari müəllifi Vahid Mustafayev də öz növbəsində hər kəsə təşəkkürünü bildirdi: “Bu gün bizim üçün doğrudan da böyük gündür. Mən Azərbaycan Respublikasının prezidentinə öz təşəkkürümü bildirirəm. Ona görə ki, prezidentin serialların Azərbaycanda inkişafına buraxdığı vəsaitlər hesabına lazımi qədər keyfiyyətli seriallar çəkiləcək. Azərbaycan kino industriyasının tarixi 1896-cı ildən başlayıb və Rza Təhmasib, Tofiq Tağızadə və digər görkəmli rejissorlarımız ömür boyu Amerika kinematoqrafiyası ilə sənət mübarizəsi aparıb. Ötən əsrin 60-cı illərində biz Amerikadan 7-8 il geridə idik. Bu gün isə bu rəqəm bir az böyüyüb”. 

Vahid Mustafayev “Bakı Film” olaraq hələ ilk addımlarını atdıqlarını bildirdi. “Bakı Film”in 2006-cı ildə “Qızlar”, 2008-ci ildə “Qaydasız döyüş”, 2009-cu ildə “Seçilən” və 2012-ci ildə “Xoca” bədii filmini və serialını çəkdiyini bildirən Vahid Mustafayev “Ağabəyovlar”ın “Bakı Film” kinostudiyasının sayca 6-cı serialı olduğu dedi. Onun sözlərinə görə, bu serialı digərlərindən fərqləndirən cəhət odur ki, burada Azərbaycan dövlətinin dəstəyi var: “Bu dəstək nəticəsində biz serialları daha rəngarəng, yüksək texniki imkanlara uyğun səviyyədə çəkə bilirik. Səs İran İslam Respublikasında yazılır. Operatoru da İrandan dəvət etmişik”.

Rejissor ssenarinin çox sadə dildə yazıldığını da diqqətə çatdırdı: “Xalqın işlətdiyi bütün ifadələri serialımızda eşidə biləcəksiz. Serialda Azərbaycan dilinin bütün zənginliklərini eşidə biləcəksiniz. Ola bilsin ki, bəzi seriyalardan sonra uşaqlarınıza bizim seriala baxmağa icazə verməyəcəksiniz”. 

Vahid Mustafayev Azərbaycan tamaşaçısını gözəl, super səviyyədə serialların gözlədiyini də söylədi. Azərbaycan xalqının peşəkar rejissorlar yetişdirdiyini deyən V.Mustafayev ümidvar olduğunu bildirdi ki, bu gün də gözəl filmlər hazırlayıb tamaşaçılara təqdim edə bilərik: “Digər tərəfdən bu sahəyə dövlət tərəfindən dəstək var. Bu bizim işimizi bir tərəfdən asanlaşdırır, digər tərəfdən məsuliyyətimizi daha da artırır. Yəni xalq qarşısında da, prezident qarşısında da çox böyük məsuliyyət var. Artıq bizim posterlərdən, şəhərdə apardığımız təbliğatdan və ümumiyyətlə aktivliyimizdən görürsüz ki, “Ağabəyovlar” serialının təqdimatı fərqli təqdimatdır. Biz istəyirik ki, hamı belə etsin. Film çəkmək sadəcə olaraq kamera götürüb çəkiliş aparmaqdan ibarət deyil. Kino yaradıcılıqdır, incəsənətdir, kino vasitəsilə cəmiyyətə lazım olan mesajları ötürmək lazımdır. Kino təbliğatın ən təsirli incəsənət növüdür. Kino vasitəsilə, serial vasitəsilə biz insanlara onların özlərini göstərə bilərik”. 

Fikirlərinə davam edən V.Mustafayev düşməni ilə oturub-duran çox az adam tanıdığını bildirdi: “Demək olar ki, heç tanımıram. Dostlarımız da bizə heç vaxt tənqidi fikir söyləməzlər. Bu bizim mentalitetimizdən irəli gəlir. Amma serial və kino vasitəsilə biz fərdlərə kənardan görünən simalarını göstəririk. Baxın, siz beləsiz, etdiklərinizin nəticəsi belə olur. Belə qalmaq istəyirsinizsə, davam edin, dəyişmək istəyirsinizsə, Allah köməyiniz olsun! Yəni bunlar film vasitəsilə çatdırmaq istədiyimiz mesajlardır”.

Xalq artisti Elmira Şabanova isə serialın uğur qazanacağına əmin olduğunu söylədi. O, Vahid Mustafayevin bütün filmlərinə baxdığını, ssenarini də oxuduğunu bildirdi: “Seriallarda əsas rolu süjet oynayır. Mən bir kənar adam kimi deyə bilərəm ki, bu serial alınacaq. Vahid Mustafayev olduqca peşəkar rejissordur, kino işini çox gözəl bilir. Bütün yaradıcı heyətə öz təşəkkürümü bildirirəm. Serialın 1-ci hissəsinə bu gün ilk dəfə sizinlə baxdım və qənaətim belədir - serial alınacaq!”

Xatırladaq ki, sentyabrın 21-dən yayımlanacaq “Ağabəyovlar” serialının ssenari müəllifləri Vahid Naxış və Kamran Qasımov, quruluşcu rejissoru Vahid Mustafayev, rejissor assistentləri Yeganə Əbdülməmmədova, Cahangir İmani, baş operator Saman Əhədi, montaj Elşad Rəhimov, səs rejissoru Məcid Əliislam, baş prodüseri Mirşahin Ağayev, prodüseri Eyyub Danışvərdir.

“Ağabəyovlar” serialı 100 seriya nəzərdə tutulub. Serialın 57 bölümünün ssenarisi artıq yazılıb. Çəkilişlər “Bakı Film” kinostudiyasının pavilyonunda aparılır. 

Qeyd edək ki, “Bakı Film”in yaradılmasına 1 milyondan çox vəsait xərclənib və hal-hazırda Qafqazın ən böyük kinostudiyasıdır.