ANS GROUP | "“RAYMOND WEIL"in Azərbaycandakı Dostu” fəxri adı İsfar Sarabskiyə təqdim edilib (FOTO)
 

"“RAYMOND WEIL"in Azərbaycandakı Dostu” fəxri adı İsfar Sarabskiyə təqdim edilib (FOTO)



10 iyul 2012-ci il tarixində Dənizkənarı Bulvarda, Yaxt Klubda ““RAYMOND WEIL”in Azərbaycandakı Dostu” fəxri adının Azərbaycanın əməkdar artisti, pianoçu İsfar Sarabskiyə təqdimatına həsr olunmuş möhtəşəm mərasim keçirildi. ANS PRESS-in məlumatına görə, “RAYMOND WEIL” məşhur İsveçrə saat markasının 2000-ci ildən Azərbaycandakı rəsmi nümayəndəsi olan VMF Şirkəti “”RAYMOND WEIL”in Dostu” şərəf siyahısına daxil edilməsi üçün azərbaycanlı pianoçunun namizədliyini qürurla təqdim etdi. 

Beləliklə, himayəçi fəaliyyəti ilə məşhur olan “RAYMOND WEIL” brendi dünya musiqi sənətinin ən layiqli və istedadlı gənclərini dünya ictimaiyyətinə təqdim edir. Bu təklif Azərbaycan musiqi sənətinə və onun istedadlı ifaçısına böyük hörmətlə qəbul edilib.

Bu təntənəli anı bölüşmək üçün Azərbaycan incəsənətinin ən təcrübəli, ən sadiq pərəstişkarları ilə yanaşı ziyalılar və KİV nümayəndələri də dəvət olunmuşdu. 
VMF Şirkətinin Baş direktoru Arzu Şahverdiyev İsfar Sarabskiyə “”RAYMOND WEIL”in Azərbaycandakı dostu” fəxri adını təsdiq edən diplom, “RAYMOND WEIL” şirkətinin nümayəndəsi, bölgə satış meneceri xanım Veera Collomb-Patton isə “RAYMOND WEIL Maestro” kolleksiyasından saat təqdim etdi. Bu kolleksiyadan saat seçimi simvolik oldu.

Belə ki, “Maestro” sözü ustad, yəni öz sənətini dərindən mənimsəyən insan kimi tərcümə olunur, musiqi sahəsində isə dahi şəxsiyyətə, bəstəkar və ya dirijora böyük hörmət bildirmək üçün belə müraciət olunur. Xronometri hazırlayan və öz sənətinə böyük həvəslə yanaşan İsveçrə saat ustaları da saat sənətində Maestrodur.

İsfar Sarabski ANS PRESS-ə açıqlamasında bu tədbirdə iştirakından qürur duyduğunu bildirdi: “Mən çox şadam ki, bu tədbirdə iştirak edirəm və qürur hissi dururam ki, “”RAYMOND WEIL”in Azərbaycandakı dostu” fəxri adına layiq görülmüşəm”.

Mərasimin səbəbkarı sonda tədbirə toplaşan qonaqları öz ifası ilə sevindirdi. Tədbirdə tanınmış DJ Çina da iştirak edirdi.

Dəvət olunmuş bütün qonaqların fotosessiyada iştirak etmək, İsfar Sarabskidən avtoqraf almaq, həmçinin “RAYMOND WEIL”in saat sənətinin şah əsərləri olan müxtəlif kolleksiyaları ilə tanış olmaq imkanı oldu.

Qeyd edək ki, İsfar Sarabskinin bugünkü yaradıcılıq uğurları belə deməyə əsas verir ki, Azərbaycanın dünya cazının harmoniyasında öz səsi var. O, “Bakı-Kaspi” caz festivalında bir neçə dəfə çıxış edib, eləcə də Azərbaycanda keçirilən blüz festivalının iştirakçısı olub. Norveçdə keçirilən “Silda Jazz” və Rusiyada keçirilən beynəlxalq caz festivallarında iştirak edib. 2009-cu ildə İsfar Sarabski İsveçrədə keçirilən Montrö Beynəlxalq Caz Festivalının (“Montreux jazz festival”) qalibi olmuşdur. O, həm də 2009-cu ilin noyabrından 2010-cu ilin mart ayınadək Londonda keçirilmiş “Buta: Azərbaycan mədəniyyəti festivalı”nın iştirakçılarından biri olmuşdur. İ.Sarabski "Zirvə" Dövlət mükafatı laureatıdır.