ANS GROUP | "Santa Barbara"nın qəhrəmanı "Bakı Film"in aktyorlarına sertifikatlar verdi
 

"Santa Barbara"nın qəhrəmanı "Bakı Film"in aktyorlarına sertifikatlar verdi



Məşhur "Santa Barbara" serialında Meyson rolunun ifaçısı amerikalı aktyor Leyn Devisin treninqləri başa çatıb. ANS PRESS-in məlumatına görə, "Bakı Film" kinostudiyasının dəvəti ilə "Ağabəyovlar" serialının təqdimat mərasiminə qatılan məşhur aktyorun səfərindən yararlanan aktyorlara sertifikatlar təqdim edildi. Leyn Devisin iki həftə davam edən master-klasslarına "Ağabəyovlar" serialının aktyorları qatılmaq şansı qazandılar və bu məşğələlərdə ən azı 5 dəfə iştirak edən aktyorlar sertifikat əldə edə bildilər.

Xalq artisti Nəcibə Hüseynova, əməkdar artist Aydın Əliyev, aktyorlar İlqar Musayev, Ruslan Ağa, Azər Aydəmir, Lalə Məmmədova və Mina Sovetski Leyn Hant Devisdən master-klass aldıqlarını təsdiqləyən sertifikatlar təqdim edildi. 

Azərbaycan serialların hələ də inkişaf mərhələsində olduğunu nəzərə alan ANS Şirkətlər Qrupunun prezidenti, eləcə də "Bakı Film" kinostudiyasının yaradıcısı Vahid Mustafayevin təşəbbüsü ilə təşkil edilmiş treninqlərdə yerli aktyorlara Amerika kino məktəbinin müəyyən sirləri öyrədillib. Aktyorlara pafossuz, səmimi və təbii obraz yaratmağın incəlikləri aşılanıb.

Leyn Hant Devis treninqlərinə qatıla bilməyənlərə təkrar şans veriləcəyini söylədi: "İki həftə birlikdə olduq və son olaraq sizinlə görüşmək istədim. Amma, belə qərara gəldim ki, bu son deyil, başlanğıcdır. Mən özüm də sizdən çox şey öyrəndim və özüm üçün aktyorluq missiyamı dərk etdim və bunu davam etdirmək fikrindəyəm." 

Amerikalı aktyorun gəlişinin axarlı olmasını arzulayan Vahid Mustafayev, Leyn Devislə birlikdə görəcəkləri işdən söz açdı: "Leyn Devislə birlikdə Azərbaycanda Kino Akademiyanın əsasını qoymaq fikrindəyik və bütün məsələlər Amerikalı mütəxəssizlərlə birlikdə həyata keçiriləcək".