ANS GROUP | Çingiz Mustafayevin disko mərkəzinə “Qayıdış”
 

Çingiz Mustafayevin disko mərkəzinə “Qayıdış”



29.08.2012-ci il tarixində “Hezz” klubda ANS Şirkətlər Qrupuna daxil olan ANS ÇM radiosu, dünyaca məşhur İsveçrə saat brendi SWATCH və onun Azərbaycandakı rəsmi təmsilçisi VMF Şirkətinin təşkilatçılığı ilə “Çingiz Mustafayevin disko mərkəzinə qayıdış” adlı Dj-lərin festivalı keçirilib. ANS PRESS-in məlumatına görə, festival Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin doğum gününə həsr edilib.

Gecənin açılışında çıxış edənlər Çingiz Mustafayev kimi insanları hərtərəfli dahi adlandırıblar. Həqiqətən də bu şəxsin qabiliyyət və maraqları çoxşaxəli idi. Azərbaycanda məktəblidən tutmuş ağsaqqala kimi hamı Çingizi cəbhə bölgəsinin yorulmaz və fədakar jurnalisti, həqiqi vətənpərvər kimi tanıyırdı. Hamı Çingizi həqiqət, vicdan, şərəf və azadlıq carçısı kimi tanıyıb və qəbul edib. Bu gün də Çingiz Mustafayev milli jurnalistikamızın rəmzinə çevrilib.

İxtisasca həkim olan, lakin jurnalist kimi fəaliyyət göstərən Çingiz həm də incəsənətin, musiqinin pərəstişkarı idi. Məhz Çingiz Mustafayev paytaxtımızda ilk musiqi mərkəzi olan “Disko”nu yaradıcısıdır. “Ozan” folklor qrupunda, “Ekspromt” gənclər studiyasında iştirak edib. Bütün bunlara görə də məhz haqlı olaraq onu Azərbaycanın ilk Dj-yi adlandırmaq olar.

Festivala Bakının 11 məşhur DJ-yi - Dj Apple, Dj Bazaur, Dj China, Dj Dark, Dj Tacho, Dj Azeriff, Dj Bikoo, Dj Shock, Dj Fior, Dj Mansur və Dj Ansarov qatılmışdı. Jurnalistləri fəxr yeri olan Çingiz Mustafayevin doğum gününə gələn qonaqlar onların miksləri altında səhərədək rəqs etdilər.
Onlar gecəni 70-ci illərin hitləri ilə açıb, zəmanəmizin məşhur trekləri ilə bağladılar.

Tədbirin sonunda iştirak edən hər bir Dj-yə SWATCH saatları hədiyyə olundu.