ANS GROUP | Heydər Əliyevin 90 illiyinə həsr olunmuş Platin Qələm Mükafatı təqdim edilib (FOTO)
 

Heydər Əliyevin 90 illiyinə həsr olunmuş Platin Qələm Mükafatı təqdim edilib (FOTO)



Bu gün Milli Qəhrəman Çingiz Mustafayev Fondu, ANS Şirkətlər Qrupuna daxil olan VMF şirkətinin təşilatçılığı ilə tanınmış “Caran d’Ache” şirkəti Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş “... Azərbaycanlıyam!” Məhdud saylı Platin Qələm Mükafatının təqdimetmə mərasimi keçirilib. 

ANS PRESS-in məlumatına görə, “Four Seasons Hotel Baku”da baş tutan tədbirdə Azərbaycan xalqının dirçəliş və inkişafı uğrunda çalışdıqları sahələrdə tarixə silinməz izlər salan görkəmli şəxslər iştirak edib.

Tədbiri çıxış sözü ilə açan ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev tədbirdə iştirak edən hər kəsə minnətdarlığını bildirib.

“Bu gün biz möhtəşəm toplantıda bir yerdəyik. Hər biriniz çalışdığınız sahənin lideri olmaqla Azərbaycan tarixində silinməz səhifələr yazmısınız. Məhz ona görə də bu tədbirə dəvətlisiniz. Bugünki tədbir Böyük Azərbaycanlı, müasir tariximizin banisi Heydər Əliyevin adı ilə bağlıdır”, - deyə V.Mustafayev vurğulayıb.

“... Azərbaycanlıyam!” Məhdud saylı Platin Qələm Mükafatını namizədlərə Vahid Mustafayev və “Caran d’Ache” şirkətinin Baş direktoru Silvio Laurenti təqdim ediblər.

Mərasimdə mükafata layiq görülən 23 nəfər haqda məlumat verilib.

Mükafata layiq görülənlər Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Qafqaz Müsəlmanları idarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə, SSRİ xalq rəssamı Tahir Salahov, xalq artisti Polad Bülbüloğlu, xalq yazıçısı Çingiz Abdullayev, Yazıçılar Birliyinin sədri Anar, bəstəkar Arif Məlikov, SSRİ xalq artisti Zeynəb Xanlarova, xalq rəssamı Ömər Eldarov, Fəxri neftçi Xoşbəxt Yusifzadə, xalq artisti Şəfiqə Məmmədova, kinorejissor Eldar Quliyev, kibernetika alimi Lütfi Zadə, xanəndə Alim Qasımov, teatr rejissoru Aleksandr Şarovski, kaman ustası Habil Əliyev, xalq şairi Vaqif Səmədoğlu, pianoçu Fərhad Bədəlbəyli, əməkdar jurnalist Mais Məmmədov, futbolçu Ələkbər Məmmədov və yazıçı-publisist Elmira Axundova olub.

İlk öncə mükafat tədbirdə iştirak edən Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadəyə təqdim olunub. Şeyx isə öz növbəsində bu tədbirdə iştirak etdiyinə görə çox şad olduğunu vurğulayıb: “Qələm müqəddəsdir. Quranda da qələm haqqında qeyd olunub. Qələm həyat yaranmamışdan əvvəl yaranıb. Bunu kim düşünübsə, çox gözəl düşünüb. Bu ən qiymətli hədiyyələrdən biridir. Mən özüm üçün muzey düzəltmişəm və mən bir vaxt həyatda olmayanda bu qələm də mənə aid muzeydə olacaq”.

Qeyd edək ki, tanınmış "Caran d`Ache" şirkətinin məhsulu olan “Platin" qələmi yüksək beynəlxalq standartlara cavab verən, mürəkkəblə yazan qələmdir. Əl işi olduğundan hər bir qələm unikal və vahiddir.