ANS GROUP | Vahid Mustafayev "Heydər Əliyev" qızıl medalına layiq görülüb
 

Vahid Mustafayev "Heydər Əliyev" qızıl medalına layiq görülüb



Fevralın 11-də Bişkekdə ANS Şirkətlər Qrupunun prezidenti, kinorejissor Vahid Mustafayevin “Xoca” filminin təqdimatı keçiriləcək. ANS PRESS-in xüsusi müxbirinin verdiyi məlumata görə, film Qırğız Türk Manas Universitetində nümayiş etdiriləcək. Bu məqsədlə filmin rejissoru Vahid Mustafayev və ANS Şirkətlər Qrupunun vitse-prezidenti Mirşahin Ağayev Bişkekə yollanacaq. 

Artıq Bişkek şəhərinin mərkəzi küçələrində “Xoca” filminin afişaları yapışdırılıb. Həmçinin onu da bildirək ki, Xocalı faciəsinin ildönümü günü – fevralın 26-da Qırğızıstanın televiziya kanallarının birində “Xoca” filminin nümayişi nəzərdə tutulur.

Fevral ayının 12-də isə “Xoca” filminin başqa bir məkanda- Qırğızıstan kinematoqrafçılar departamentində təqdimatı təşkil olunacaq. Təqdimat mərasimindən sonra Qırğızıstan ziyalıları ilə görüş keçiriləcək. Həmin görüşdə “Xoca” filminin baş rejissoru olan Vahid Mustafayevə Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun ali mükafatı olan “Heydər Əliyev” qızıl medalı təqdim olunacaq. Vahid Mustafayev Azərbaycan həqiqətlərinin dünya ictimaiyətinə çatdırılması işindəki xüsusi xidmətlərinə görə Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun bu mükafatına layiq görülüb. “Heydər Əliyev” qızıl medalını Vahid Mustafayevə Azərbaycanın Qırğızıstandakı səfirliyinin əməkdaşı təqdim edəcək.

Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondu “Heydər Əliyev” qızıl medalını 2007-ci ildən türk və digər millətlərin dostluq və qardaşlıq əlaqələrinin möhkəmlənməsində böyük xidmətlərə, türkdilli dövlətlərin iqtisadi, sosial-siyasi və mədəni inkişafına sanballı töhfələr vermiş görkəmli şəxsiyyətlərə təqdim edir. İndiyə qədər Azərbaycan Prezidenti İlham Əliyev, görkəmli qırğız yazıçısı Çingiz Aytmatov, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan, Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov “Heydər Əliyev” qızıl medalının laureatları olub.