ANS GROUP | “Xoca” Amsterdam merinin müavinini göz yaşına bürüdü
 

“Xoca” Amsterdam merinin müavinini göz yaşına bürüdü



Xocalı soyqırımının ildönümü ilə əlaqədar dünyanın bir çox ölkələrində, eləcə də bir neçə Avropa ölkəsində aksiya və tədbirlər təşkil olunur. ANS PRESS-in Hollandiyada olan xüsusi müxbirinin məlumatına görə, Vahid Mustafayevin Xocalı həqiqətlərinə həsr olunmuş “Xoca” filmi dünən Hollandiyanın Haaqa və Rotterdam şəhərlərində nümayiş olunub. Hollandiya Türk Federasiyasının (HTF) və Benelüks Azərbaycanlıları Konqresinin (BAK) təşkilatçılığı ilə baş tutan nümayişlər çox uğurla keçib. 

Haaqada Xocalı faciəsini bədii şəkildə dünyaya çatdırmaq məqsədilə ekranlaşdırılmış "Xoca" filminin nümayişinə müxtəlif diasporların, diplomatik orqanların nümayəndələri qatılıb. Filmin nümayişi başa çatdıqdan sonra BAK və HTF prezidentləri nitqlə çıxış ediblər. 

BAK prezidenti Sahil Qasımov rejissor Vahid Mustafayevin “Xoca” filmini konqresin I dərəcəli diplomu ilə təltif edib. HTF prezidenti Murad Gedik (HTF) Vahid Mustafayevə federasiyanın adından təşəkkür plaketi təqdim edib. Ermənilərin xocalılara qarşı törətdikləri dəhşətli qətliamı izləyən tamaşaçılar göz yaşlarını saxlaya bilməyərək nümayiş bitdikdən sonra Vahid Mustafayevə yaxınlaşaraq onun əlini sıxaraq öz təşəkkürlərini bildiriblər.

Azərbaycan Hollandiya Həmrəylik Cəmiyyətinin sədri və Benelüks Azerbaycanlıları Konqresinin (BAK) birinci vitse prezidenti Elsevər Məmmədovun rəsmi çıxışlarından sonra Xocalıda qətlə yetirilənlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

"Xoca"nın Rotterdamda keçirilmiş nümayişi də anşlaqlı olub. Rusdilli Təşkilatların Əlaqələndirmə Şurasının prezidenti xanım Olqa Şterenşis filmin premyerasında iştirak edib. Filmin nümayişindən sonra Hollandiya Əyalət Məclisinin fraksiya rəhbəri, Amsterdam merinin müavini xanım Songül Akkaya çıxış edib. Göz yaşlarını saxlaya bilməyən millət vəkili filmdən sarsıldığının bildirib. 

Benelüks Azerbaycanlıları Konqresinin prezidenti Sahil Qasımov da çıxış edərək filmə görə rejissor 
Vahid Mustafayevə təşəkkür edib və sözü ona verib. ”Ümumiyyətlə, Niderlandın tarixində də müharibələr olub və 16-cı əsrdə belə deyək son başlayan müharibə 17-ci əsrdə qurtarıb. İspaniya ilə 80 illik müharibə olub. Buradakı adamlar, siyasətçilər, tələbələr və digərləri filmə baxanda onlar üçün bu bir az yaxın oldu. Əsasən, tarix fakültəsinin tələbələrinə. Və onlar da öz müracətlərində bizə bildirdilər ki, bu, ümumiyyətlə beynəlxalq problemdir. Və bu filmdə onların gördüyü əsas məqsəd ondan ibarət idi ki, müharibələrin, ümumiyyətlə sona çatması və dünyanın heç bir yerində müharibənin olmamasıdır. Sözsüz ki, bizim də əsas məqsədimiz budur. Biz istəyərdik ki, müharibə heç yerdə olmasın”, - deyə Vahid Mustafayev vurğulayıb.