ANS GROUP | "Xoca"nın İstanbulda izdihamlı nümayişi (VİDEO)
 

"Xoca"nın İstanbulda izdihamlı nümayişi (VİDEO)



Xocalı həqiqətlərini bədii şəkildə çatdıran Vahid Mustafayevin “Xoca” filmi bu gün İstanbul kinoteatrlarında vizyona girib. ANS PRESS-in məlumatına görə, “Xoca” filminin premyerası bu gün “Kanyon” Ticarət Mərkəzinin film salonunda gerçəkləşib. Premyeraya bütün dövlətlərin diplomatik nümayəndələri, məşhur rejissorlar, aktyorlar, iş adamları, siyasətçilər dəvət edilib. Qala gecəsinə 500-dən çox adam qatılıb. 

Türkiyə mətbuatı ekran işinin kəskin süjetli olduğunu, reallığı əks etdirdiyini yazır. “Xoca” filmi bu gün həm də paytaxtda, Nizami kinoteatrında gün ərzində göstərilir. Xocalı faciəsinin ildönümü ərəfəsində “Xoca” filmi Bişkek, Rotterdam, London, Haaqa, Oslo, Berlində də nümayiş etdirilib.

Filmin İstanbul kinoteatrlarında nümayişinə mart ayının 1-dən başlanılacaq.

Qeyd edək ki, film Xocalıda baş verən soyqırım və sevgidən bəhs edir. Film Əliəkbər və Günelin timsalında iki gəncin sevgisinin keçdiyi ağır imtahanı, müharibənin ən bəşəri hisslərə vurduğu dağıdıcı zərbəni, Bakıda toy və satqınlıq, Xocalıda soyqırım və şücaətin kəskin kontrastını özündə əks etdirir. Qətliamla bağlı gerçəkliklərin bəhs edildiyi və Azərbaycanın film sektoru üçün əhəmiyyətli yerə sahib olan ekran əsərində acı gerçəkliklər bütün çılpaqlığı ilə göz önünə sərilib.

Filmin çəkilişlərində 2000-ə yaxın insan iştirak edib, o cümlədən Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələridə rol alıb. Çəkilişlərdə əsl silah-sursatdan, tanklar və ağır artliyadan istifadə edilib.

Filmin yaradıcı heyəti -17 dərəcə şaxtada işləyib. Çəkilişlər zamanı 3 nəfər donma təhlükəsi keçirərək xəstəxanalıq olub. Rejissor Vahid Mustafayev və yaradıcı heyət filmi tamamlamaq üçün fasiləsiz 75 gün çəkiliş meyadanında yaşayıb.