ANS GROUP | Türk Dünyasına böyük mesaj… (VİDEO, FOTO)
 

Türk Dünyasına böyük mesaj… (VİDEO, FOTO)



Türk Dünyasının qanayan yarası… Martın 7-də Şimali Kiprdəki Yaxın Doğu Universitetinin Atatürk Mədəniyyət və Konfrans Mərkəzində Azərbaycan kinemotaqrafiyasının məhsulu olan “Xoca” filminə baxmağa gələn hər bir izləyicinin ilkin təəssüratı belə idi. Erməni faşistlərinin Azərbaycan türklərinə qarşı törətdiyi Xocalı soyqırımı haqqında rejissor Vahid Mustafayevin çəkdiyi filmin təqdimatına Universitet çox ciddi hazırlaşmışdı. Filmin posterlərində faciənin tarixi, filmin yaradıcı heyəti barədə geniş məlumat verilirdi. Həmçinin Yaxın Doğu Universitetinin “Facebook” səhifəsində də bir neçə dəfə filmin anonsu verilmişdi. Anonsda “Xoca” filminin rejissoru Vahid Mustafayevin sözləri də yer almışdı: “Bütün xalqlar müharibə ilə qarşı-qarşıya gəldikləri zaman dəyərlərini itirir, böyük acılar yaşayırlar. Bu gün dünyanın bir çox yerində ya müharibə var, ya da başlamaq ərəfəsindədir. Biz bu filmlə, sadəcə, müharibənin nə olduğunu və nələri yox etdiyini izah etmək istədik". 

Təqdimat mərasimindən öncə yerli telekanallara müsahibə verən rejissor Vahid Mustafayev “Xoca”nın doğuracağı reaksiya barədə danışıb: “Ümumiyyətlə, Türk Dünyasına böyük bir mesaj oldu. Bunları hər bir dövlət yaşayıb, hər bir dövlətin tarixində belə bir şey var. Ümumiyyətlə filmə baxanlar öz məmləkətindən, öz tarixindən bir parçanı görüb yaşayacaqlar”. 

Filmə maraq çox böyük olub və təqdimat böyük anşlaqla keçib. Təqdimatda Şimali Kiprin bütün universitetlərindən tələbələr, həmçinin Şimal Kipr Türk Cumhuriyyətinin rəsmi şəxsləri iştirak ediblər. Tələbələr dünyanın 55 ölkəsini təmsil ediblər. Filmin təqdimatında Birinci Qarabağ savaşında döyüşmüş Kipr qaziləri də iştirak ediblər. 

Şimali Kiprin Azəbaycan diasporu da “Xoca” filmin təqdimatında çox təşkilatlı iştirak edirdi. Təsadüfi deyil ki, Atatürk Mədəniyyət və Konfrans Mərkəzində keçirilən təqdimat mərasimi giriş sözü ilə məhz Şimali Kipr Azərbaycan diasporunun rəhbəri, Yaxın Doğu Universitetinin prorektoru Fəxrəddin Məmmədov açıb, filmin uğurları və əhəmiyyəti barədə danışıb. 

Daha sonra o, Universitetin xüsusi mükafatı və Şimali Kipr Azərbaycan diasporunun xüsusi diplomunun rejissor Vahid Mustafayevə təqdim edilməsi üçün səhnəyə Şimal Kipr Cumhuriyyət Məclisinin rəhbəri Hasan Bozeri və Yaxın Doğu Universitetinin Direktorlar Şurasının sədri İrfan Günseli dəvət edib. Filmin yaradıcı heyətinin üzvləri də diplomlarla təltif olunublar. 

“Təbii ki, bu cür böyük tarixi hadisələrin - həm də tarixin qara ləkəsi olan hadisələrin yaddaşlarda qalması məqsədilə çəkilən filmləri çox dəstəkləyirəm. Bunu düşünənləri və etmək istəyənləri də təbrik edirəm. Çünki bu tarixin unudulmaması gərəkdir. Unudulmamağın yollarından biri də belə filmlərin çəkilməsi, kitabların yazılmasıdır, yəni bu hadisənin ölümsüzləşdirilməsidir”,- deyə Şimali Kipr parlamentinin spikeri Hasan Bozer bildirib.

Daha sonra Vahid Mustafayev ANS Şirkətlər Qrupu ilə uzun müddətli və səmərəli əməkdaşlığa görə, Yaxın Doğu Universitetinə Çingiz Mustafayev Fondunun diplomunu təqdim edib. 

Çoxmillətli auditoriya filmin təqdimatını göz yaşları ilə başa vurub. Filmin nümayişindən sonra tələbələr rejissor Vahid Mustafayevin əhatəsinə toplaşaraq onu buraxmayıb, söhbət ediblər. Ondan avtoqraf alıblar, Azərbaycandan gəlib Kiprdə oxuyan tələbələrlə Vahid Mustafayevin ayrıca görüşünün təşkilinə qərar verilib.