ANS GROUP | “Xoca” Moskvada nümayiş etdirilib (VİDEO, FOTO)
 

“Xoca” Moskvada nümayiş etdirilib (VİDEO, FOTO)



"Xoca" filminin təqdimatı Moskvanın mərkəzində Kremldən cəmi 300 metr məsafədə yerləşən məşhur “Xudojestvennıy” kinoteatrında baş tutdu. 31 mart azərbaycanlıların soyqırımı günü ərəfəsində Azərbaycanın Rusiyadakı səfirliyinin dəstəyi ilə baş tutan nümayişə Rusiyanın ictimai-siyasi xadimləri, məşhur kinematoqrafçıları, sadə insanlar qatılmışdı. 

Tamaşaçılar o qədər çox idi ki, insanlar zalın keçidlərində belə əyləşmişdilər. Nümayişdən əvvəl çıxış edən filmin rejessoru Vahid Mustafayev filmin ekstremal şəraitdə, mənfi 13 dərəcə temperaturda dağlarda çəkildiyini vurğuladı. O, filmin hazırlanmasında rolu olan hamıya təşəkkürünü bildirdi. Xoş münasibətə görə tamaşaçılara minnətdarlığını bildirən Vahid Mustafayev qeyd edib ki, onun yeni filmi müharibə əleyhinədir. 

Vahid Mustafayev xüsusi olaraq "Xoca" filminin yaranmasında göstərdiyi böyük dəstəyə görə, Azərbaycan Respubikasının Prezidenti İlham Əliyevə təşəkkürünü bildirib. O, Azərbaycanın Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlunun Moskvada bu filmin təqdimatı üçün yaratdığı şəraitə görə, rolunu xüsusi vurğulayıb.

Filmin davam etdiyi 1 saat 40 dəqiqə ərzində film tamaşaçıların diqqətini bütünlüklə özünə bağladı. Nümayiş başa çatdıqdan sonra bütün zal ayağa qalxaraq filmin yaradıcı heyətini alqışladı. Tamaşaçılar müharibənin dəhşətləri fonunda məhəbbət hekayəsi barədə, zorakılıq əleyhinə olan bu filmin nümayiş başa çatdıqdan sonra uzun müddət ekran işinin təsiri altında idilər. 

Nümayişin təşkilində böyük rolu olan Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu filmin yaradıcı heyətinə minnətdarlığını bildirdi. 

“Mən bütün yaradıcı heyətə, dərin təşəkkürümü bildirirəm.Özüm də bir yaradıcı insan kimi, bir diplomat kimi, demək istəyirəm ki, çox sağolun. Son zamanlar xanım Leyla Əliyevanın təşəbbüsü ilə Xocalıya ədalət kompaniyası bütün dünyada özünü bildirir. Artıq bir neçə ölkələrdə, bir neçə ölkələrin parlamenti Xocalı haqqında qətnamə qəbul edib və bu onu göstərib ki, artıq haqq-ədalət öz yolunu tapır”, - deyə Azərbaycanın Rusiyadakı səfiri, Polad Bülbüloğlu vurğulayıb. 

Qeyd edək ki, "Xoca" filmi Avropanın iri şəhərlərində, o cümlədən Londonda, Brüsseldə, Rotterdamda, İstambulda göstərilib. Filmin bu yaxınlarda Afinada nümayişi planlaşdırılıb. “Xoca” bu il dünyada Xocalı soyqırımının tanıdılmasına yönəldilmiş tədbirlərin demək olar ki, hamısında göstərilib və tamaşaçıların böyük rəğbətini qazanıb.