ANS GROUP | "Xoca" filmi Londonda nümayiş etdirildi (FOTO)
 

"Xoca" filmi Londonda nümayiş etdirildi (FOTO)



Avropa Azərbaycan Cəmiyyətinin təşkilatçılığı ilə Londonun məşhur Soho otelində Vahid Mustafayevin "Xoca" filmi nümayiş etdirildi. ANS PRESS-in Londondakı xüsusi müxbirinin verdiyi məlumata görə, yerli vaxtla saat 19:00-da Soho oteldə Vahid Mustafayevin "Xoca" filmi ilə bağlı qəbul başladı. Azərbaycan Avropa Cəmiyyətinin mədəniyyət məsələləri üzrə müşaviri Sabina Rakçeyeva tədbiri açaraq "Bakıfilm"in uğurlu işinin Britaniyada ikinci nümayişini zəruri edən səbəblər barədə danışdı.

Britaniya parlamentinin nümayəndəsi lord Con Leyer çıxışını Qarabağ münaqişəsi və Azərbaycan həqiqətlərinə həsr etdi. Nüfuzlu lord "Xoca" filminə maraqla baxacağını və sonra KİV-ə geniş müsahibə verəcəyini dedi. 

Onu da qeyd edək ki, lord Leyer əslən Şimali İrlandiyalı olduğu üçün Dağlıq Qarabağ problemini yaxşı anlayır və bu məsələdə Azərbaycanın tərəfində olduğunu gizlətmir.

Azərbaycan Cəmiyyətinin sədri Tale Heydərov Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsi və Azərbaycanın bu məsələ ilə bağlı dünyanı məlumatlandırmaq sahəsində "Xoca" filminin oynadığı rolu xüsusi qeyd etdi.

Filmin baş prodüseri Mirşahin Ağayev "Xoca"nın yaradıcı heyəti adından tədbirin təşkilatçılarına minnətdarlığını bildirdi, filmin yaradıcısı Vahid Mustafayevin öz qarşısına qoyduğu məqsədə necə uğurla nail olmasından danışdı. O, qonaqları filmə baxmağa dəvət etdi. 

Qeyd edək ki, film Soho otelinin iki zalında nümayiş etdirildi.