ANS GROUP | ANS Heydər Əliyevin silahdaşlarını təltif etdi (FOTO, VİDEO)
 

ANS Heydər Əliyevin silahdaşlarını təltif etdi (FOTO, VİDEO)



Bu gün Çingiz Mustafayev Fondu, ANS Şirkətlər Qrupuna daxil olan VMF şirkətinin təşkilatçılığı ilə Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş “Azərbaycanlıyam!” məhdud saylı Platin Qələm Mükafatının təqdimetmə mərasimi keçirilib. ANS PRESS-in məlumatına görə, "Kempinski Hotel"də baş tutan tədbir Şuşanın işğalının ildönümünün və Şuşada həlak olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. 

Üzərində Heydər Əliyevin şəkli həkk olunmuş və tanınmış “Caran d’Ache” şirkəti tərəfindən istehsal olunan platin qələmlər Heydər Əliyevin yaxın silahdaşlarına – Heydər Əliyevin şəxsi mühafizəsinin sabiq rəisi Aleksandr İvanova, millət vəkilləri Fəttah Heydərov və Eldar İbrahimova, Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi Vaqif Axundova, Prezidentin Təhlükəsizlik İdarəsinin rəisi Bəylər Əyyubova və Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbova təqdim olunub. Mükafatlar ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev tərəfindən təqdim edilib. 

Tədbirdə mükafata layiq görülən Aleksandr İvanov, Eldar İbrahimov və Fəttah Heydərov çıxış ediblər. Onlar Heydər Əliyevin həyat və fəaliyyətindən, habelə insani keyfiyyətlərindən danışıblar. 

Qeyd edək ki, tanınmış “Caran d`Ache” şirkətinin məhsulu olan platin qələm mükafatınına ilk olaraq 23 nəfər layiq görülüb - Azərbaycan prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva, Şeyxülislam Hacı Allahşükür Paşazadə, SSRİ xalq rəssamı Tahir Salahov, xalq artisti Polad Bülbüloğlu, xalq yazıçısı Çingiz Abdullayev, Yazıçılar Birliyinin sədri Anar, bəstəkar Arif Məlikov, SSRİ xalq artisti Zeynəb Xanlarova, xalq rəssamı Ömər Eldarov, Fəxri Neftçi Xoşbəxt Yusifzadə, xalq artisti Şəfiqə Məmmədova, kinorejissor Eldar Quliyev, kibernetika alimi Lütfi Zadə, xanəndə Alim Qasımov, teatr rejissoru Aleksandr Şarovski, kaman ustası Habil Əliyev, xalq şairi Vaqif Səmədoğlu, pianoçu Fərhad Bədəlbəyli, əməkdar jurnalist Mais Məmmədov, futbolçu Ələkbər Məmmədov və yazıçı-publisist Elmira Axundova.