ANS GROUP | Bu gündən etibarən “Azərkosmos” ASC tam kommersiya fəaliyyətinə başlayır
 

Bu gündən etibarən “Azərkosmos” ASC tam kommersiya fəaliyyətinə başlayır


Azərbaycanın ilk telekommunikasiya peyki - “Azerspace-1” bu gündən etibarən tam kommersiya fəaliyyətinə keçir. Belə ki, bir neçə müddətdir həyata keçirilən test-sınaq əməliyyatlarından sonra həm yerli, həm də xarici TV və radio kanallarının milli peykdən tam kommersiya əsaslı yayımına başlanılır. Eyni zamanda, müştərilərin marağının artırılması və tamaşaçıların seçim imkanlarının yüksəldilməsi məqsədilə "Azərspace-1" peyki vasitəsilə yayımlanan kanalların sayının artırılması, coğrafiyasının genişləndirilməsi, janr və dil fərqliliyinin daha da çoxaldılması istiqamətində də davamlı olaraq işlər aparılır. İlkin mərhələdə yerli kanallarla yanaşı, ingilis, rus, türk və fars dillərində olmaqla 50-dək TV və radio kanalı yayımlanacaq, sonradan isə mərhələli şəkildə yayımlanan kanalların sayı daha da artırılacaq.
 
Bu gün həmçinin “Azərkosmos” ASC  və  ANS Müstəqil Yayım və Media Şirkəti arasında “Telekommunikasiya peykinin transponder tutumunun istifadəyə verilməsi” haqqında müqavilənin imzalanması mərasimi olmuşdur. Mərasimi ANS Müstəqil Yayım və Media Şirkətinin Baş direktoru  Mirşahin Ağayev açdıqdan sonra “Azərkosmos” ASC-nin İdarə Heyətinin sədri Rəşad Nəbiyev çıxış edərək tədbir iştirakçılarını salamlamış və ASC-nin hazırki fəaliyyəti və gələcək planları barədə məlumat vermişdir. Daha sonra ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev çıxış edərək perspektiv əməkdaşlıq istiqamətləri barədə məlumat vermişdir. Tədbirdə həmçinin hər iki qurumdan rəhbər şəxslər, eləcə də mətbuat nümayəndələri iştirak etmişdir. Daha sonra müqavilənin imzalanması həyata keçirilmişdir. Müqaviləni “Azərkosmos” ASC-nin adından ASC-nin İdarə Heyətinin sədri Rəşad Nəbiyev və ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev imzalamışdır. Tədbirin rəsmi hissəsi bitdikdən sonra iştirakçılar üçün “ Azərkosmos” ASC-nin Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzi ilə tanışlıq təşkil olunmuşdur.
 
Xatırladaq ki, “Azərkosmos” ASC 2010-cu ildə təsis edilmiş, Azərbaycanın ilk telekommunikasiya peyki olan “Azerspace-1” isə 08 fevral 2013-cü il tarixində orbitə çıxarılmışdır. Bütün sınaqlardan uğurla çıxan “Azerspace-1” peykinin idarəedilməsi cari ilin 02 aprel tarixindən etibarən tamamilə Azərbaycanlı mütəxəssislərə təhvil verilmişdir. Bununla da, əhatə zonası Avropa, Afrika, Yaxın Şərq və Mərkəzi Asiya regionlarından ibarət olan “Azerspace-1” peyki radio və televiziya yayımının həyata keçirilməsi, peyk rabitə əlaqəsinin qurulması, yüksəksürətli data şəbəkəsinin və məlumatlarının ötürülməsi xidmətləri üzrə kommersiya fəaliyyətinə başlamağa tam hazır vəziyyətə gətirilmişdir.
 
ANS Şirkətlər Qrupu keçmiş SSRİ məkanında yaranan ilk müstəqil media strukturudur. Bu qurumun əsasını ANS TV Agentliyi yaratmaqla, Vahid və Seyfulla Mustafayev qardaşları və Mirşahin Ağayev 1991-ci ildə qoymuşlar. ANS  Müstəqil Yayım və Media Şirkəti İqtisadi və siyasi baxımdan olduqca çətin zamanda yaranmışdır.  Hal-hazırda ANS  Müstəqil Yayım və Media Şirkəti Azərbaycan Televiziya məkanında öz möhürünü vurmuş şirkətdir.