ANS GROUP | “MƏHDUD FIZIKI IMKANLI UŞAQLAR ÜÇÜN INFORMASIYA-TƏHSIL MÜHITININ INKIŞAFI” LAYIHƏSI TƏQDIM OLUNUB
 

“MƏHDUD FIZIKI IMKANLI UŞAQLAR ÜÇÜN INFORMASIYA-TƏHSIL MÜHITININ INKIŞAFI” LAYIHƏSI TƏQDIM OLUNUB

"Məhdud fiziki imkanlı uşaqlar üçün informasiya-təhsil mühitinin inkişafı" lahiyəsi təqdim olunub

Dekabrın 14-də Park-İnn mehmanxanasında “Məhdud fiziki imkanlı uşaqlar üçün informasiya-təhsil mühitinin inkişafı” layihəsinin təqdimat mərasimi keçirilib. Layihə Çingiz Mustafayev Fondunun təşkilatçılığı, “AzLanit”, “Azercell”, “Azeronline”, HP və “Adobe Systems” şirkətlərinin dəstəyi ilə həyata keçirilir.

      Tədbirdə çıxış edən Çingiz Mustafayev Fondunun vitse-prezidenti Vahid Mustafayev deyib ki, layihənin əsas məqsədi yaradıcılıq, tədqiqat və praktikaya istiqamətlənən kursların təşkil olunması hesabına, sağlamlıq durumuna görə təhsil müəssisələrinə gedə bilməyən, evdə təhsil alan uşaqların motivasiyasının yuksəldilməsidir. Həmçinin sosial reabilitasiya, şəxsiyyətin inkişafı mühitinin yaradılması və uşaqların peşə üzrə istiqamətləndirilməsi layihənin əsas məqsədlərindəndir. V.Mustafayevin sözlərinə görə, təhsil uşaqların həyatında vacib rol oynayır, təhsil şagirdə dərk etmə və yaradıcılığa doğru dayanıqlı tələbat əldə etməyə, özünü maksimal tərzdə gerçəkləşdirməyə, peşəkar və şəxsiyyət kimi özünü müəyyənləşdirməyə imkan verir: “Hər bir uşağın bizim cəmiyyətimiz tərəfindən xüsusi qayğı və yardıma haqqı vardır. Elə uşaqlar var ki, onların fiziki və əqli vəziyyəti onlara qarşı daha yüksək diqqət tələb edir”.
      AzLanit şirkətinin direktoru Fərid Quliyev isə bildirib ki, əlil uşaqlar və məhdud əqli inkişafı olan uşaqların çoxu təhsil almaq imkanından məhrumdurlar, çünki bizim təhsil müəssisələrimizdə xüsusi avadanlıq yoxdur: “Uşaqlar sosial deprivasiya – cəmiyyətdən tam izolyasiya şəraitində böyüyür. Azərbaycan Konstitusiyasında vətəndaşların maraqları və meyllərinə uyğun olaraq, ailənin maddi rifahı, yaşayış yeri və sağlamlıq durumundan asılı olmayaraq tam, keyfiyyətli təhsil almaq üçün bərabər hüquq prinsipi bəyan edilib. Bu tələbin gerçəkləşdirilməsinin istiqamətlərindən biri təhsilin tərkib və onun təşkilinin yeni modellərinin işə buraxılması, o cümlədən məsafədən təhsilin inkişafıdır. İnformasiya-kommunikasiya texnologiyalarının (İKT), məsafədən tədrisin texnologiyalarının sistemli istifadəsi məhdud sağlamlıq imkanı olan uşaqların təhsil və sosializasiya probleminin effektiv həllidir”. F.Quliyev vurğulayıb ki, məsafədən tədris bir sıra keyfiyyətlərə malikdir, bu keyfiyyətlər onu əlil uşaqlar və xəstə uşaqlarla iş zamanı kifayət qədər effektiv edir. Effektivliyə, əsas etibarilə tədrisin fərdiləşdirilməsi hesabına nail olunur, hər bir uşaq ona rahat olan vaxt cədvəli ilə və ona rahat olan tempdə məşğul olur: “Məsafədən tədris şagirdin vaxtının qeyri-məhsuldar istifadəsini minimuma endirməyə imkan verir. Bu gün məsafədən təhsil texnologiyaları çox fəal inkişaf edir, əgər bir az bundan əvvəl şəbəkə müəlliminin ixtiyarında yalnız elektron poçt idisə, indi isə xüsusi tədris mühitləri didaktik imkanlara görə ənənəvi prosesdən geri qalmayan, çox şeydə isə onu üstələyən dərs prosesi təşkil etməyə imkan verir”.
      Sonra təhsil prosesini nümayiş etdirən təqdimat filmi nümayiş olunub və prosesin texniki momentləri açıqlanıb.
Daimi link: http://www.525.az/view.php?lang=az&menu=19&id=5913

 

Geri